İctimai fəalın saxlanıldığı bildirilir: “Evə narkotik atdılar”


İctimai fəal Famil Xəlilovun saxlanıldığı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun həyat yoldaşı Xanım Xəlilova sosial şəbəkə hesabında məlumat dərc edib.
O iddia edir ki, mayın 2-də günorta saatlarında yaşadıqları mənzilə basqın olub:
“Famili evdən zor gücünə çıxarıb yenidən evə çəkilişlə saldılar. Çəkiliş zamanı Famili narkotik satan kimi qələmə verərək evə narkotik atdılar. Sonra məni və 3 azyaşlı övladımı 40-cı polis bölməsinə (Binəqədi RPİ-nin 40-cı Polis Bölməsi – red.) apardılar”.
X. Xəlilova bildirir ki, bir müddət sonra onu və övladlarını sərbəst buraxsalar da, həyat yoldaşından hələ də xəbər yoxdur.
“Onu naməlum istiqamətə aparıblar. Evdən Familin 2 kompüterini və telefonunu da götürdülər. Qeyd edim ki, biz ailəvi olaraq ötən ilin yayında İsveçdən deportasiya olunmuşuq”.
O bildirir ki, həyat yoldaşı F. Xəlilov I qrup əlildir.
İddialarla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat almaq imkan olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top